Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Xamis Seyranov: "Dövlət etalonlarımız Beynəlxalq Büroda pulsuz kalibrlənəcək"

Ölçmələrin dünya miqyasında vahid qaydalar əsasında həyata keçirilməsi, nəticələrinin müqayisə edilə bilməsi və qarşılıqlı tanınması müasir iqtisadiyyatın və elmi-texniki tərəqqinin mühüm amillərindən biridir. Bu prinsiplərin təmin edilməsi ölçmə nəticələrinin etibarlılığını və müxtəlif ölkələrdə qarşılıqlı tanınmasını gücləndirməklə yanaşı, qlobal ticarətdə texniki maneələrin aradan qaldırılmasına və iqtisadi əlaqələrin inkişafına şərait yaradır. Bu vahid yanaşmanın təməli 1875-ci ildə imzalanmış Metrik Konvensiya ilə qoyulub. Artıq 150 ildən çox müddətdir ki, bu sənəd beynəlxalq metrologiya sisteminin hüquqi əsasını təşkil edir. Azərbaycanın həmin konvensiyaya qoşulması ölkə metrologiyasının beynəlxalq inteqrasiyasında mühüm addım kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Metrik Konvensiya, ölkəmizin bu sənədə qoşulmasının əhəmiyyəti və əldə etdiyi yeni imkanlar barədə "Report"un suallarını cavablandırıb:

- İlk növbədə, Metrik Konvensiyanın mahiyyəti və onun qlobal metrologiya ekosistemi üçün əhəmiyyəti barədə danışaq. Ümumiyyətlə, bu Konvensiyanın yaradılmasını şərtləndirən əsas amillər nələr idi?

-Beynəlxalq metrologiya sisteminin formalaşdırılmasında mühüm tarixi mərhələ hesab olunan Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın paytaxtı Parisdə imzalanıb. Konvensiyaya ilk olaraq 17 ölkə qoşulub, hazırda isə üzvlərin sayı 70-ə yaxındır. Sadə dillə desək, bu sənədin imzalanmasına səbəb dünyada istifadə olunan ölçü vahidlərinin bir-birinə uyğun gəlməməsi idi. XIX əsrdə təqribən hər ölkənin, hətta bir ölkə daxilindəki ayrı-ayrı bölgələrin də öz ölçü vahidləri mövcud idi. Sadəcə təsəvvür edin ki, "kiloqram" ölçü vahidi müxtəlif ərazilərdə fərqli kəmiyyətləri göstərirdi. Bunun nəticəsində bir ölkədə istehsal olunan məhsulun çəkisi və yaxud ölçüsü başqa regionlarda fərqli qiymətləndirilirdi. Təbii ki, bu vəziyyət ticarətdə, sənayedə və elmi araşdırmalarda çətinliklərə səbəb olurdu.

Sənaye inqilabından sonra ölkələr arasında ticarət dövriyyəsinin və elmi-texniki əlaqələrin genişlənməsi ölçmələrin vahidləşdirilməsinə olan ehtiyacı daha da artırdı. Məhz bu zərurətdən irəli gələrək 1875-ci ildə dövlətlər bir araya gələrək Metrik Konvensiyanı imzaladılar. Bununla da metrlə kiloqramın beynəlxalq etalonlarının bir mərkəzdə saxlanılması və bütün üzv ölkələrdə eyni qaydada tətbiqi üçün Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (­Bureau International des Poids et Mesures - BIPM) yaradıldı.

Bu gün də həmin konvensiya ölçmələrin dünyada vahid qaydalar əsasında həyata keçirilməsini təmin edən başlıca beynəlxalq hüquqi sənəddir və müasir metrologiya sisteminin təməlini təşkil edir. Bir sözlə, bu sənəd ölçmələrə vahid beynəlxalq çərçivə gətirməklə ölçü vahidlərinin bütün ölkələrdə eyni kəmiyyəti göstərməsini mümkün etdi.

- Azərbaycanın Metrik Konvensiyaya qoşulmasını ölkəmizin beynəlxalq metrologiya sisteminə inteqrasiyası baxımından necə qiymətləndirirsiniz və bu, bizə hansı imkanları qazandırır?

-Azərbaycan uzun illərdir beynəlxalq metrologiya sisteminin fəal iştirakçısı kimi bu sahədə qlobal əməkdaşlıq proseslərində yaxından iştirak edir. Ölkəmizin 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda assosiativ üzv kimi təmsil olunması milli metrologiya sisteminin beynəlxalq müstəvidə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu il avqustun 17-də dövlətimizin BIPM-də üzv dövlət statusu əldə etməsi isə bu prosesin daha yüksək mərhələyə keçdinin bariz nümunəsidir. Metrik Konvensiyaya tamhüquqlu üzv kimi qoşulmaqla Azərbaycan beynəlxalq metrologiyada qərarların formalaşdırılması və qəbulunda daha fəal iştirak etmək imkanı qazanır. Bu status həmçinin milli ölçmə imkanlarımızın dünya miqyasında tanınmasına, metrologiya infrastrukturunun inkişafına və qabaqcıl beynəlxalq təcrübənin respublikamızda tətbiqinə əlavə üstünlüklər yaradır.

Daha bir uğurumuz ondan ibarətdir ki, Azərbaycanın dövlət etalonları artıq birbaşa BIPM-də, yəni ölçü vahidlərinin ilk mənbəyində, tamamilə ödənişsiz kalibrlənəcək. Onu da vurğulayım ki, bu, assosiativ üzv statusunda mümkün olmayan, yalnız üzv dövlət statusu ilə qazanılan yeni hüquqdur və metroloji bazamızın etibarlılığının dünyanın ən nüfuzlu qurumu tərəfindən təsdiqlənməsi deməkdir.

Eyni zamanda ölkəmiz Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CIPM) Məşvərət Komitələrinin fəaliyyətində iştirak etmək və CIPM-ə üzvlük üçün namizəd irəli sürmək, habelə Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) fəaliyyətinə cəlb olunmaq və səsvermə hüququ əldə edib. Beləliklə, AzMİ əməkdaşlarının BIPM-in elmi proqramlarında, beynəlxalq tutuşdurmalarda və metrologiya layihələrində təmsil olunmaq imkanları genişlənib.

- Bu dəyişikliklərin ölkə iqtisadiyyatına, sahibkarlıq mühitinə, eləcə də biznes subyektlərinin beynəlxalq bazarlara çıxışına hansı müsbət təsirləri gözlənilir?

-Etibarlı, dəqiq və beynəlxalq səviyyədə tanınan ölçmə nəticələri iqtisadiyyatın müxtəlif sahələrində məhsul və xidmət keyfiyyətinin təmin edilməsi, ticarət əməliyyatlarının düzgün aparılması, texniki tələblərə uyğunluğun qiymətləndirilməsi və biznes icması arasında qarşılıqlı etimadın qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət etalonlarımızın ilk mənbədən kalibrlənməsi bu etibarlılığın təməl amillərindən biridir və sənaye müəssisələrinin, ixracatçıların, laboratoriyaların ölçmə nəticələrinə daha çox güvənməsinə, məhsul və xidmətlərin beynəlxalq bazarlarda daha asan qəbul edilməsinə şərait yaradacaq.

Bu yanaşma ticarətdəki texniki maneələrin aradan qaldırılmasına, məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Paralel olaraq, keyfiyyət infrastrukturunun güclənməsi əlverişli investisiya mühitinin formalaşmasına və iqtisadi əməkdaşlığın dərinləşməsinə də nəticəyönümlü təsir göstərəcək.

- Bəs, baş verən transformasiya prosesləri adi vətəndaşların gündəlik həyatına hansı təsirləri göstərəcək?

-Metrologiyanın nəticələri gündəlik həyatımızın, demək olar ki, bütün sahələrində özünü biruzə verir. Ticarət, səhiyyə, energetika, su və qaz təchizatı kimi istehlakçıların birbaşa təmasda olduğu sahələrdə ölçmələrin dəqiqliyi və etibarlılığı xüsusi əhəmiyyət daşıyır. İstifadə olunan ölçmə vasitələrinin beynəlxalq tələblərə uyğunluğu yalnız texniki göstərici deyil, eyni zamanda istehlakçıların hüquqlarının və iqtisadi maraqlarının qorunmasının mühüm şərtlərindən biridir.

Bu baxımdan metrologiya sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübənin tətbiqi vətəndaşların gündəlik istifadə etdiyi məhsul və xidmətlərlə bağlı ölçmələrin daha obyektiv və etibarlı aparılmasına zəmin yaradır. Məsələn, nəqliyyat, səhiyyə, sənaye, ticarət və digər sahələrdə ölçülə bilən göstəricilərin düzgün müəyyənləşdirilməsi istehlakçı ilə xidmət və ya məhsul təqdim edən tərəf arasında ədalətli münasibətlərin təmin olunması nöqteyi-nəzərindən vacib əhəmiyyət daşıyır.

Ümumilikdə, metrologiya sahəsində əldə olunan irəliləyişlərin təsiri vətəndaş üçün ilk növbədə gündəlik alış-verişdə, tibbi, kommunal və digər ölçmələrin tətbiq olunduğu sahələrdə nəzərə çarpır. Eyni zamanda beynəlxalq tələblərə uyğun milli metrologiya infrastrukturunun inkişafı cəmiyyətin ölçmə nəticələrinə etimadını möhkəmləndirəcək, sahibkarlıq fəaliyyətinin daha etibarlı mühitdə həyata keçirilməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verəcək.

- Azərbaycanın Metrik Konvensiyaya qoşulmasının, habelə BIPM-də üzv dövlət statusu əldə etməsinin ölkəmizin beynəlxalq nüfuzuna təsiri baxımından necə qiymətləndirərdiniz?

-İlk növbədə qeyd edim ki, beynəlxalq metrologiya sistemində dövlətlərin statusu onların qərarların formalaşdırılması prosesindəki roluna görə fərqlənir: mövcud qaydaları tətbiq edən assosiativ üzvlər və bu qaydaların hazırlanmasında bilavasitə iştirak edən üzv dövlətlər. Bu günə qədər Azərbaycan birinci qrupda təmsil olunurdu və konvensiyaya qoşulmaqla isə artıq ikinci qrupda təmsil olunur. Bu, sadəcə status dəyişikliyi deyil, həmçinin ölkəmizin elmi-texniki potensialının beynəlxalq səviyyədə tanınması deməkdir. Belə ki, üzv dövlət statusu adətən inkişaf etmiş metroloji infrastruktura malik ölkələrə xas olan göstəricidir.

Bu xüsusda ölkəmizdə milli metroloji infrastrukturun inkişaf etdirilməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində AzMİ-də yeni laboratoriyaların yaradılması istiqamətində işlər aparılır. Sözügedən layihə çərçivəsində 2024-cü ildə həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 laboratoriyanın açılışı olub. 2025-ci ildə isə daha 7 yeni laboratoriya – fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri laboratoriyaları istifadəyə verilib. Həmçinin cari ildə digər yeni laboratoriyaların qurulması ilə AzMİ-də 20 yeni laboratoriyanın işə salınması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi layihəsi yekunlaşacaq.

Onu da bildirim ki, qlobal səviyyədə elm və texnologiyanın sürətli tərəqqisi şəraitində metrologiya sahəsi də özünün inkişaf dövrünü yaşayır. Metrologiyada süni intellektin tətbiqi ilə yanaşı, "süni intellektin metrologiyası" da dünya miqyasında diqqət mərkəzindədir. Belə ki, rəqəmsallaşma və süni intellektlə bağlı texnoloji yeniliklər daha dəqiq ölçmələrə əsaslanan məlumatlar tələb edir. Bu baxımdan AzMİ-də elmi metrologiyanın inkişafına xüsusi diqqət yetirilir, əməkdaşlarımızın beynəlxalq və regional metrologiya təşkilatlarının texniki komitələrində fəal yer almasına, milli metrologiya qurumları arasında beynəlxalq və regional səviyyədə həyata keçirilən tutuşdurmalarda yaxından iştirakına, habelə elmi tədqiqatların aparılmasına və məqalələrinin dərc edilməsinə xüsusi önəm verilir.

Bu tədbirlər ölkəmizdə metrologiyanın inkişafına, elmi yeniliklərin tətbiqinə və müvafiq istiqamətdə kadr potensialının gücləndirilməsinə imkan yaradır. Eyni zamanda AzMİ-nin verdiyi sertifikat və ölçmə nəticələrinə beynəlxalq tərəfdaşların etimadının artması Azərbaycanın qlobal keyfiyyət infrastrukturu sistemində rolunu genişləndirəcək.

- Sonda bütün bu müsbət dəyişikliklər fonunda AzMİ-nin qarşısında hansı əsas prioritetlər dayanır?

-Əsas hədəf üzv dövlət statusunun yaratdığı yeni imkanlardan, ilk növbədə dövlət etalonlarımızın BIPM-də kalibrlənməsi imkanından maksimum səmərəli istifadə etməkdir. Bununla yanaşı, dövlət etalon bazasının inkişaf etdirilməsi, yeni kalibrlənmə və ölçmə imkanları yaradılması və onların beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq tutuşdurmalarda daha fəal iştirak və yüksək ixtisaslı kadr potensialının artırılması qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərimizi təşkil edir. Azərbaycanda müasir, dayanıqlı və beynəlxalq standartlara cavab verən metrologiya sisteminin daha da inkişaf etdirilməsi, ölkəmizin elmi və iqtisadi potensialının gücləndirilməsinə, eləcə də beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə vermək əsas məqsədlərimiz sırasındadır.